Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır...
Qarabağda qələbədən sonra Zod qızıl yatağının böyük hissəsi Azərbaycana qaytarılıb. Ermənistan 30 ilə yaxın yatağın imkanlarından gen-bol istifadə edib. Təkcə 2019-cu ildə bu ölkə büdcəsinə qızıl satışından 52 milyon dollar daxil edilib. Amma daha şərtlər dəyişib, Ermənistan Azərbaycan qızılının faydasını görməyəcək.
Sərhədlərin demarkasiyası Zod yatağının istismar hüququnun 76 faizini yenə bizim ölkəyə verib. Bu, Zod yatağına yaxın yaşayan, burada işlə təmin olunan yerli əhali üçün yaxşı xəbər deyil. “Sputnik Armenia” həmin ərazinin Ermənistan hissəsindəki sakinləriylə görüşüb.
İnformasiya agentliyinin jurnalistləri yazır ki, Zod yatağının ən yaxşı yerləri Azərbaycana qalıb. Ermənistan ərazisindəki hissədə qızıl çox dərin qatlarda yerləşir.
İndiyə qədər qızıl yatağında əsasən Vardenis rayonundan (Basarkeçər – red.), Böyük Məzrə, Kiçik Məzrə, Qırxbulaq, Çaxırlı kəndlərindən gələnlər işləyirdi. Sərhədlərin demarkasiyası onların çoxunu işsiz qoyub. Yataqda daha çox yaxın ərazidə yaşayanları saxlayıblar.
Burada 2007-ci ildən “GeoProMining” qızıl çıxarır. Rusiya şirkəti geridə qalan müddət ərzində milyonlarla dollar qazanc əldə edib. Qarabağda aktiv əməliyyatlara qədər yataqda 400-ə qədər Ermənistan vətəndaşı çalışırmış. Onlara ayda 250 min dram (təxminən 500 dollar) məvacib verilirmiş. “GeoProMining” demarkasiyadan sonra 280 nəfəri işdən çıxarıb.
Zod yatağının yerləşdiyi Şişqaya kəndinin (Ermənistanda Qeqamasar adlandırılır – red.) icma rəhbəri Akop Avetyan jurnalistlərə deyib ki, Ermənistan hökuməti indi sərhədyanı ərazi sayılan yerin sakinləri üçün güzəştlər paketi hazırlayıb. Paketə həm də kommunal xərclərin 50 faizinə qədər məbləğini ödəməmək daxildir. Amma icma rəhbəri etiraf edir ki, işıq, qaz, su borclarının yarısını verməmək vəziyyətdən çıxış yolu deyil. Kənd sakinlərinin sosial problemləri daha dərindir. Bura üçün böyük sayılacaq məvacibin əldən çıxması istər-istəməz dolanışığa təsir göstərir.
Sərhədə yaxın yaşayan Vaxinak Voskanyan böyük seçim qarşısında olduqlarını deyib: “Bizə burada qalmaq, Rusiyaya çıxıb getməmək üçün daimi iş lazımdır. Hamı anlamalıdır ki, indi Zod sərhəd, hətta cəbhə zonası sayılır. Biz heç bilmirik ki, sərhədin o tərəfində kim var. Əvvəllər bəzi şeylərə barmaqarası baxırdıqsa, indi ayıq olmaq lazımdır. İnsanların burada yaşamaq və sərhədi möhkəmləndirmək üçün əlavə stimula ehtiyacı var”.
Yaxın kəndlərin xeyli kişi sakini müqavilə ilə silahlı qüvvələrdə xidmət edirmiş. Amma müharibə vəziyyəti bu istiqamətdə də dəyişib. Həmin şəxslərin əksəri Rusiyaya getməyə hazırlaşır.
Təkcə yerli sakinlər çətin vəziyyətə düşməyib. “GeoProMining” də uzaq gələcəyini burada görmür. Halbuki Rusiya şirkəti Ermənistanın vergi ödəyiciləri sırasında dördüncü yeri tuturdu.
Nailə Rəhman
Facebook-da paylaş