NOVRUZ MƏNƏVİYATIMIZDIR...

 
Xalqımızın bütün varlığını özündə cəmləşdirən Novruz bayramı qışın qurtarmasına və baharın gəlişinə həsr olunan sevinc, xoşbəxtlik, ruzi-bərəkət rəmzidir. Bu  bayram xalqımız arasında geniş miqyasda qeyd olunur. Novruz bayramını qeyd etmək əslindətəzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü yer kürəsinin günəşin ətrafında bir illik fırlanması ilə əsaslanır.

Novruz bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının tarixini çox qədim dövrə — Zərdüşt peyğəmbərin yaşadığı zamana bağlayır. Alimlərin iddiasına görə Novruz bayramının yaşı 3700 - 5000 ilə bərabər hesab edilir.
Qədim Vavilonda bu bayram mart ayının 21-ci günü qeyd olunurdu və 12 gün davam edirdi. Bu 12 günün hər birinə aid adət-ənənələri, öz əyləncələri mövcüd idi. İlk yazılı mənbədə Novruz bayramının tarixi bizim eradan əvvəl 505-ci il qeyd edilir.

Novruzun islamdan da əvvəl yaranmasını görkəmli elm adamları Firdovsi, Rudəki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da dəfələrlə öz əsərlərində təsdiq ediblər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Səlcuq Dövlətinin vəziri  Nizamül Mülkün “Siyasətnamə”sini, Ömər Xəyyamın “Novruznamə”sini və başqalarını qeyd etmək olar.
Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.

Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Biz bu bayramı çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayırıq. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.

Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Məhsuldarlıq, çiçəklənmə rəmzi –“Xıdır İlyas”, baharın gəlməsi rəmzi – “ Kos-kosa”- meydan məzəli oyunu və falabaxma bu bayramın qədim ənənələrindəndir.

Novruzdan əvvəl Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı “Sarılığım sənə, qırmızılığın mənə” deyərəktonqalın üstündən yeddi dəfə tullanmalıdır.
Novruz bayramında axar suyun üstündən tullanmaqla keçən ilin günahlarını yumuş olursan. Əfsanəyə görə axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətda ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içərdisə, onlar Təzə ildə bütün xəstəliklərdən uzaqlaşardılar.

Əvvəllər  Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılırmış. Rus tarixçisi, akademik, general-leytenant Nikolay Dubrovin XIX əsrdə  yazırdı: “Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi”. Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan məşhur alman alimi, riyazıyyatçı, coğrafiyaşünas və diplomatıAdam Oleari 1637-ci ildə yazırdı: “Münəccim astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərləşdiyi anı elan etdi: “Təzə il gəldi” və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı”.

Azərbaycanlıların bayram süfrəsində digər xörəklərlə yanaşı sumax, sirkə, süd, səməni, səbzi də olmalıdır. Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan”. Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmürdü. Sönmüşod, işıqbədbəxtçilikəlamətidir.

Ənənəyə görə Novruzun birinci gününü - yaz, ikincini - yay, üçüncünü - payız, dördüncü gününü isə - qış sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı təyin olunurdu.
 
Əli ZALOV,
kimya elmləri doktoru, professor,
Azərbaycan Dövlət PedaqojiUniversitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri,
Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi


Facebook-da paylaş